Tarix: 06-12-2025 23:56 | Bölmə: İdman

“Sabah” FK AFFA-nın Oyunçuların Statusu və Transferi Komitəsinin klubun sabiq qapıçısı Yusif İmanovla bağlı çıxardığı qərarla razılaşmadığını açıqlayıb.
Reyting.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
“Bu gün “Sabah” FK AFFA-nın Oyunçuların Statusu və Transferi Komitəsinin qərarı ilə tanış olmuşdur. Həmin qərara əsasən, klubun sabiq futbolçusu Yusif İmanovun tələbləri qismən təmin edilmiş, klubun qarşı tələbləri isə təmin olunmamışdır.
Klub hesab edir ki, Komitə bu qərarda bir sıra qanunsuz və heç bir əsası olmayan nəticələrə gəlmişdir.
Birincisi, reqlamentin iş üzrə tərəfin Komitəyə ərizə təqdim etməzdən əvvəl digər tərəfə rəsmi qaydada xəbərdarlıq göndərmək və tələblərin icrası üçün müddət vermək öhdəliyi barədə tələbi formal prosedur deyil, hüquqi baxımdan vacib və məcburi tələbdir. Bu tələbin yerinə yetirilməməsi futbolçunun iddiasının icraata qəbul edilməsini istisna etməlidir. Lakin Komitənin bu norma ilə bağlı şərhi həmin normanı tamamilə mənasından məhrum etmişdir.
İkincisi, Komitə futbolçu ilə klub arasında bağlanmış müqavilədə qeyd edilən, futbolçunun yalnız əsas komandada deyil, hər hansı komandada (həm birinci, həm də ikinci komandada) çıxış edə bilməsini nəzərdə tutan əsas müddəasını düzgün şəkildə dəyərləndirməmişdir.
Əgər futbolçunun əvəzedici komandaya göndərilməsi müqavilə ilə tənzimlənirsə, əsas və ikinci komandada hansı oyunçuların çıxış edəcəyinə dair yeganə qərar vermək səlahiyyəti kluba və onun məşqçi heyətinə məxsusdur. Bu məsələdə məşqçi heyətinin səlahiyyəti məhdudlaşdırıla bilməz. Beləliklə, futbolçunun əsas komandadan uzaqlaşdırılmasının qeyri-qanuni olması barədə arqument hüquqi baxımdan qəbul edilə bilməz.
Bununla belə, Komitə heç bir hüquqi əsas olmadan futbolçunun hansı komandada çıxış etməli olduğuna məşqçi heyətinin deyil, Komitənin qərar verə biləcəyi kimi təhlükəli presedent yaradır.
Komitənin qərarı yekun xarakter daşımır və “Sabah” FK bu qanunsuz, əsassız, qeyri-obyektiv və ədalətsiz qərardan şikayət etmək üçün bütün mümkün hüquqi mexanizmlərdən istifadə edəcəkdir”, – deyə açıqlamada qeyd olunub.
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək