Tarix: 28-06-2016 17:48 | Bölmə: Siyasət

"Ölkədə xüsusi bir qrup var ki, insanların kütləvi şəkildə narazılığına səbəb olur. Onların əksəriyyəti hökumətin iqtisadi blokunda bir araya gəliblər».
Reyting.az-ın məlumatına görə, bu fikirləri mia.az saytına açıqlamasında Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev deyib. H.Hacıyevin sözlərinə görə, həmin məmur qrupu ölkədə sabitliyi pozmaq üçün müəyyən cəhdlər edirlər: "Özlərini elə aparırlar ki, guya heç bir şey bilmirlər. Halbuki ölkədə ortaya çıxan bütün mənfi tendensiyaları özləri düşünülmüş şəkildə həyata keçirirlər.
Diqqət etdinizsə, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müəyyən irəliləyişlər olanda Qərbə hücuma keçirlər. Ölkədə nisbi sabitlik yaranan kimi dolların kursunu ciddi şəkildə qaldırmağa başlayırlar. Dolların məzənnəsi yüksəldikcə, daxili bazarda qiymətlər artır və xalq arasında narazılıq böyüyür”.
Partiya sədri deyib ki, iqtisadi sahəyə baxan nazirlər, bank rəhbərləri son günlərə qədər devalvasiyadan, qiymət artımından danışarkən qəti şəkildə bunun baş verməyəcəyini bildirirsələr də, dollar yenidən yüksəlməyə başlayıb ki, bununla da ciddi problemlərin təməli qoyulub.
MMP sədri onu da vurğulayıb ki, bu məmur qruplaşması yerli məhsulların da qiymətini süni şəkildə qaldırıblar. Onun sözlərinə görə, inhisarçı məmurlar daxili istehsalın inkişafına imkan vermirlər: «Hesab edirəm ki, hakimiyyətdəki bəzi məmurlar cənab prezidentə qarşı təxribat törədirlər, devalvasiya, süni qiymət artımı da bu təxribatın tərkib hissəsidir. Bizdə məlumatlar var ki, sentyabrda ölkədə kütləvi qarışıqlıq salmağı planlaşdırırlar”.
H.Hacıyev iddia edir ki, ölkədə qarışıqlıq yaratmaq istəyən məmurların bir qrupu xaricdən idarə olunsa da, digərləri daxildəki havadarlarına güvənirlər: "Bu adamlar çalışırlar ki, İlham Əliyevin başı qarışsın, start verdiyi islahatlara ara versin. Onlar çalışırlar ki, birinci devalvasiyada olduğu kimi rayonları ayağa qaldırsınlar ki, öz bildiklərini eləsinlər. Çünki qarışıqlıq olanda məmurların çikrin əməlləri yaddan çıxır. Belə olanda kənd təsərrüfatı naziri Heydər Əsədov çalışacaq ki, kürəkəninin niyyətini həyata keçirsin. Bu saat o, Əli Kərimlinin oğluna Londonda milyonlar buraxır. Amma nə edək ki, bir ailədən olan iki nazir dövlət başçısına xəyanət edir? Onlar tək deyillər, bağlı olduqları başqa qruplar da var”.
MMP sədri qeyd edib ki, nazir Heydər Əsədovun kürəkəni Azərbaycanda qarışıqlıq salmaqdan ötəri Böyük Britaniyada, Amerikada müəyyən danışıqlar aparır: "Heydər Əsədovla Ziya Məmmədov bir məclisdə deyirlərmiş ki, prezident bizi "yola salmaq” istəyir, amma çalışacağıq ki, biz onu yola salaq. Əgər dövləti qoruyub saxlamalı olanların qulaqları kardırsa, səsgücləndirici taxsınlar, dediklərimizi eşitsinlər. Biz qəti şəkildə deyirik ki, sentyabr-oktyabr aylarında dövlət çevrilişinə zəmin yaratmağa çalışacaqlar».
H.Hacıyev onu da nəzərə çatdırıb ki, hazırda bölgələrdə görüşlər keçirir, əhalinin problemləri ilə maraqlanır. «Bölgələrdə vəziyyət olduqca acınacaqlıdır. Hamı hökumətin buraxılmasını tələb edir. Xalq prezidentini sevir, amma bu cür vəziyyətdə də yaşamaq istəmir. Yaxın günlərdə vəziyyətin daha da kritikləşəcəyi gözlənilir. Dollar iki manat olandan sonra nə edəcəklər? Hesab edirəm ki, prezident ətrafındakı xəyanətkarları təcili uzaqlaşdırmalıdır. Hökumət, parlament təcili buraxılmalıdır, Prezident Administrasiyasında isə "təmizlənmə” getməlidir. Əks təqdirdə vəziyyət pis olacaq», - deyə partiya sədri fikrini tamamlayıb.
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək