Tarix: 07-01-2026 12:55 | Bölmə: Dünya

Rusiya Atlantik okeanında ABŞ Sahil Mühafizəsi tərəfindən saxlanılmaqdan yayınmağa çalışan neft tankerini müşayiət etmək üçün sualtı qayıq və digər hərbi gəmilər göndərib.
Reyting.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti ABŞ rəsmiləri arasında olan mənbələrə istinadla yazıb.
Qeyd edək ki, adıçəkilən gəmi əvvəllər “Bella 1” kimi tanınıb.
Nəşrin məlumatına görə, tanker neft yükləmək üçün Venesuela limanlarına daxil ola bilməyib və hazırda boşdur. Buna baxmayaraq, ABŞ Sahil Mühafizəsi qanunsuz neft, xüsusən də Rusiya mənşəli neft daşıyan və “kölgə donanması” adlandırılan gəmini müəyyənləşdirib saxlamaq üçün genişmiqyaslı kampaniyanın bir hissəsi olaraq təqibə başlayıb.
Dekabr ayında gəminin heyəti ABŞ hərbçilərinin gəmiyə minmək cəhdinin qarşısını alıb. Daha sonra tanker açıq dənizə çıxıb, yan tərəfinə Rusiya bayrağı çəkib, qeydiyyatını və adını “Marinera”-ya dəyişdirərək Rusiya Federasiyası ilə əlaqəsini faktiki olaraq elan edib.
“Rusiya ABŞ-nın qaçaqmal neftini dünyaya daşıyan və iqtisadiyyatına dəstək verən tankerləri saxlamasından narahatdır. Buna cavab olaraq Moskva görünməmiş bir addım ataraq tankerlərdən birinin Rusiyada yoxlama və ya digər rəsmiləşdirmələr olmadan qeydiyyatdan keçməsinə icazə verib”, - deyə nəşr qeyd edib.
Üç ABŞ rəsmisi əvvəllər Rusiyanın ABŞ-dan gəmini təqib etməyi dayandırmağı rəsmi olaraq tələb etdiyini təsdiqləyib. Rusiya Xarici İşlər Nazirliyi dövlət mediası vasitəsilə vəziyyəti “narahatlıqla” izlədiyini bildirib.
Avtomatik İdentifikasiya Sisteminə (AIS) görə, ABŞ Sahil Mühafizəsi Şərqi Atlantikada “Marinera” gəmisinin müşayiətinə davam edir. Tanker hazırda İslandiyanın təxminən 480 kilometr cənubundadır və Şimal dənizinə, Rusiyanın Murmansk limanına doğru gedir.
ELÇİN
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək