Tarix: 23-12-2025 18:07 | Bölmə: Dünya

Rusiyanın “Su” tipli döyüş təyyarələrinin istehsalında ciddi zəifliklər müşahidə olunur.
Reyting.az xəbər verir ki, bu barədə Britaniyanın Kral Birləşmiş Xidmətlər İnstitutunun (RUSI) mütəxəssisləri məlumat yayıblar.
RUSI “Su” təyyarələrinin istehsalı üçün əsas komponentləri təmin edən müəssisələri əks etdirən xəritə təqdim edib. Həmin müəssisələrin əhəmiyyətli hissəsi Rusiyanın Avropa hissəsində yerləşir ki, bu da nəzəri baxımdan Ukraynanın uzun mənzilli silahları ilə onlara zərbə endirməsini mümkün edir. Məsələn, “Su” təyyarələri üçün əsas mühərrik istehsalçısı olan UEC-UMPO zavodu Ufada, “Su-35” üçün “İrbis” radarlarını istehsal edən Dövlət Cihazqayırma Zavodu isə Ryazanda yerləşir. Bu müəssisələrə mümkün zərbələrlə yanaşı, yeni sanksiyalar da istehsalın azalmasına səbəb ola bilər.
Bildirilib ki, “Su-35” təyyarələri üçün həyati əhəmiyyət daşıyan rabitə sistemləri, uçuşun idarəetmə sistemi, mühərrik idarəetmə modulları, radioelektron əks-tədbir vasitələri və digər komponentlər idxal kanallarından ciddi şəkildə asılıdır. Rusiya bu vacib detalları əsasən az tanınan özəl idxalçılarla əlaqəli qeyri-şəffaf təchizat şəbəkələri vasitəsilə əldə edir.
Qeyd olunur ki, ötən il icazəsiz Rusiya idxalçıları vasitəsilə Amerika istehsalı olan “Texas Instruments” və Yaponiyanın “Murata” şirkətlərinə məxsus inteqral sxemlər və kondensatorların Rusiyaya çatdırıldığı məlum olub. Bu göndərişlər əsasən Çin üzərindən həyata keçirilib. Eyni zamanda Belarus və Qırğızıstandakı kiçik distribyutorlar vasitəsilə də tədarük kanalları mövcuddur.
RUSI hesab edir ki, “Su” təyyarələrinin təchizat zəncirinin ikinci və üçüncü səviyyələrinə qarşı sanksiya rejiminin genişləndirilməsi Rusiya hərbi aviasiya sənayesində ciddi pozuntular yarada bilər.
Məlumata görə, mövcud hesablamalara əsasən, Rusiya ordusu bu il təxminən 30 yeni döyüş təyyarəsi, o cümlədən “Su-34” cəbhə bombardmançıları, “Su-30” və “Su-35” qırıcıları əldə edə bilər.
Müqayisə üçün qeyd edək ki, ötən il Rusiya ordusu təxminən 24 döyüş təyyarəsi alıb. Qərb analitikləri bu göstəricini “istehsalda durğunluq” kimi qiymətləndirirlər.
Bu rəqəmlər, həqiqətən də, Rusiyanın Qərb sanksiyalarının təsirini hiss etmədiyi dövrlərdə - ən yüksək istehsal illərində buraxdığı döyüş təyyarələrinin sayından xeyli aşağıdır.
V. QULİYEV
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək